Bazar ertəsi , 10 May 2021
Ana Səhifə / Bizimkilər / Şəmkir superturniri Karlsen fərqi
Vuqar Hesimov

Şəmkir superturniri Karlsen fərqi

Mərhum qrossmeyterimiz Vüqar Həşimovun xatirəsinə artıq 6 – cı dəfə təşkil olunan və ənənə halını alan Şəmkir superturniri başa çatdı. Ölkəmizi bu turnirdə qrossmeysterlər Şəhriyar Məmmədyarov (2790) və Teymur Rəcəbov (2756) təmsil edirdilər. Həmçinin iştirakçılar arasında dünya çempionu Maqnus Karlsen (2845), eks – dünya çempionu Vişvanatan Anand (2779), çinli Dinq Liren (2812), Niderland təmsilçisi Aniş Giri (2797), bolqarıstanlı Veselin Topalov, (2740) rusiyalı şahmatçılar Sergey Karyakin (2753) və Aleksandr Qrişuk (2773) və çexiyalı David Navara da var idi.

Turnir yenə də Karlsenin triumfu ilə nəticələndi. 4 – cü dəfə iştirak etdiyi yarışmanı bir nəfəsə keçən Maqnus özünə rəqib olmadığını bir daha sübut etdi. 9 turdan fenomenal 7 xal toplamaqla yaxın rəqiblərini 2 xal qabaqlayan norveçli reytinqini 2860.8 – ə qaldıraraq Fabiano Karuana ilə arasındakı elo fərqini 44 – ə yüksəltdi. II və III yerləri Dinq Lirenlə Karyakin bölüşdürdü. Həmyerlilərimizin il başlayandan uğursuz çıxışları bu yarışdan da yan keçmədi. Teymur öz stilinə uyğun olaraq bütün rəqibləri ilə sülh bağladı, Şəhriyar isə layiq olmadığı şəkildə 2 oyun məğlub olaraq 3.5 xalla kifayətləndi. Turnirin nəticəsindən sonra Teymur 3 elo xalı artıraraq mövqeyini qorudu, Şəhriyar isə “-2” ilə 11.7 bal itirdi. Maraqlısı budur ki, belə geriləməyə rəğmən Şah IV pilləyə qalxdı, çünki onun qonşusu Giri daha pis nəticə göstərərək 3 xalla sonuncu yeri tutdu və təbii ki, daha çox reytinq itirmiş oldu.

Biz artıq əminliklə deyə bilərik ki, şahmatda Karlsen erasındayıq. Bu performans davam etsə, yaxın gələcəkdə kiminsə onu taxtdan salacağı inandırıcı görünmür.

Karlsen – Giri (VII tur)

16. Vh5! Karlsen əla başa düşür ki, üstünlük almağın yeganə yolu hücumdan keçir. 16…c6.17.f4 ef. 18.gf! piyadanı qurban verməklə ağlar təhlükəli hücum alır.                18…Ve3 +?! Giri qurbanı qəbul etsə də, bu heç də yaxşı nəticələnməyəcək. 19. Şh1 Td8. 20. Tce1 Vc5. 21.f5 Ff8. 22. Fe4. Artıq ağların hücumu həlledicidir. Aniş nə qədər mübarizə aparsa da, oyunu xilas edə bilmədi.

Karyakin – Karlsen (VIII tur)

Bu tura qədər hələ turnirin intriqası bitməmişdi və Karyakin qalib gələcəyi təqdirdə liderliyi ələ keçirəcəkdi. Amma debütü möhtəşəm oynayan Karlsen artıq yetərincə təşəbbüsü əla almışdı. İndi ağlar üçün ən yaxşısı 30.f3! oynayıb gərginliyi saxlamalı idi. 30.f4? Vg6! Vəzir daha təhlükəli mövqeyə çəkilərək çox ciddi problem yaratmağa başlayır. 31. Ff2 Ad3. 32.h5 Vf5. 33. Fg4 Vg4. 34. Ve4 Fd6. 35. Vg2 Tae8. Fiqurların düzülüşünə baxdıqda, qaraların tamamilə üstünlüyə yiyələndiyi açıq aşkar hiss olunur. Bir neçə gedişdən sonra ağlar təslim olur.

Giri – Karyakin (II tur)

Elə indicə Fa2 gedişini etməklə Giri kifayət qədər gərgin keçən oyuna daha da maraq qatmaq niyyətində idi. Amma Karyakin daha da uzağı görərək rəqibin çağırışını qəbul edir. 29… Fa2!. 30. Tg6 + Vg6!. 31. Vg6 + Tg7. Əgər ağlar 32. Vc2 gedişini edərlərsə,  o zaman 32… Ab4! və d1 xanasını qoruyub matdan xilas olmaq variantı mövcud deyil. Ağlar vəziri geri qaytarmağa məcbur olsalar da, bu oyunun nəticəsini dəyişmədi.

Anand – Məmmədyarov (III tur)

Oyun bütünlüklə Şəhriyarın diktəsi ilə keçmişdi və bu vəziyyətdə ağlar təslim olmalı idi, əgər bu möhtəşəm kombinasiya taplmasaydı. 38. Vh8 +! Şh8. 39. Af7 + Şh7. 40. Ad6 İndi Şah 40… Ae1 oynasaydı, təzyiqi saxlayacaqdı. Amma seytnot yenə imkanları yarıda saxlayır. 40… Fd7? 41. Ae4! Dəlisov at yenə meydana girir. Qaraların güclü arqumenti qalmadığından onlar sadəcə iki piyadasız endşpili oynamağa məcbur oldular ki, bu da məğlubiyyətlə nəticələndi. Üzücü məğlubiyyət Şəhriyarı ruhdan saldı. Xüsusilə Anandla oyunlarda uğurlu nəticə göstərə bilməyən Şəhriyar üçün qələbə çox önəmli xarakter daşıyırdı.

Anand – Navara (I tur)

Ağların böyük maddi üstünlüyü olmasına baxmayaraq, vəziyyət o qədər də rahat deyil. Şahın mövqeyi daim narahat edilə bilər. Anand f4 oynamaqla vəziyyəti daha da nəzarətə götürməli idi. Amma eks-dünya çempionu çox güman ki, bütün yollarla qalib gələcəyini düşünür və çexiyalı şahmatçıya gözəl şəkildə xilas olmaq imkanı yaradır. 41. Ve7? Td1 +!. Topu götürəcəkləri təqdirdə, ağlar d4, g1 və a1 xanalarından daimi şaha düşür.

Məmmədyarov – Navara (IV tur)

Qaralar bu vəziyyətdə 70… Tg7 oynadılar,lakin 71. Şh2 f2. 72. Tf6 Şe2. 73. Şh3 f1 V. 74. Tf1 Şf1. 75.h5 Şf2. 76. Şh4 Şf3. 77.h6 Tg1. 78. Şh5 Şf4. 79.h7 Şf5. 80 Şh6 və heç – heçə qeydə alındı. Halbuki Navara 70… Tg8! Gedişini etsəydi, mövcud vəziyyətlə müqayisədə bir temp artıq qazanırdı və qalib gəlirdi.

Navara – Dinq (V tur)

Topa qarşı qaraların 2 fiquru olsa da, vəziyyət ürəkaçan deyil. Yüngül fiqurların koordinasiyasızlığı və atın dayanıqsız mövqeyi oyunun taleyini həll edir. 42. Tb6 + Şe7. 43. Şd3 Ac1. 44. Şc4 Ae2. 45. Tb1. Qaralar təslim olur, çünki atı xilas etmək mümkün deyil.

Qrişuk – Topalov (V tur)

6 saatlıq üzücü müdafiəyə baxamayaraq, depressiv keçən müddətin ardından Topalov 68. Fd4 b5. 69. Vc6 gedişlərindən sonra təslim olur. Qrişuk 2 filin 2 at üzərində necə dominantlıq etdiyini mükəmməl şəkildə göstərə bildi.

Həmçinin oxuyun

Dünya Kuboku – III tur

Dünya Kubokunda III mərhələnin nəticələrinə əsasən Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov rəqiblərindən üstün olaraq növbəti …